2011-ci ilin 1-ci rübündə dövlət büdcəsinin icrasına (operativ) dair MƏLUMAT
2011-ci ilin 1-ci rübündə dövlət büdcəsinin mədaxili 2768,4 mln. manat, xərcləri 2087,4 mln. manat olmuş, 681,0 mln. manat məbləğində büdcə artıqlığı (profisit) yaranmışdır. 2011-ci ilin 1-ci rübündə dövlət büdcəsinin mədaxil proqnozu 118,0 faiz yerinə yetirilmişdir ki, bu da proqnoza nisbətən 422,7 mln. manat, 2010-cu ilin eyni dövrü ilə müqayisədə isə 322,2 mln. manat və ya 13,2 faiz çoxdur.
Təsdiq olunmuş proqnoza Vergilər Nazirliyi 120,0 faiz əməl etməklə büdcəyə 1160,9 mln. manat və ya proqnoza nisbətən 193,5 mln. manat, ötən ilin eyni dövrünə nisbətən isə 151,3 mln. manat və ya 15,0 faiz çox vəsait təmin etmişdir.
Dövlət Gömrük Komitəsi tərəfindən proqnoza 100,3 faiz əməl olunmaqla büdcəyə 240,6 mln. manat və ya proqnoza nisbətən 0,6 mln. manat çox vəsait təmin edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35,2 mln. manat və ya 17,1 faiz çoxdur.
Dövlət Neft Fondundan büdcəyə 1330,0 mln. manat vəsait transfert edilmişdir.
Sair daxilolmalar üzrə büdcəyə 36,9 mln. manat vəsait təmin edilmişdir ki, bu da proqnoza nisbətən 32,6 mln. manat və ya 8,6 dəfə, ötən ilin eyni dövrü ilə müqayisədə 30,7 mln. manat və ya 6,0 dəfə çox olmuşdur.
Hesabat dövründə dövlət büdcəsinin xərcləri 87,3 faiz və ya 2010-cu ilin eyni dövrü ilə müqayisədə 108,3 mln. manat və ya 5,5 faiz çox icra edilmişdir.
2011-ci ilin 1-ci rübündə cari xərclərə ümumi xərclərin 69,0 faizi həcmində və ya 1440,5 mln. manat vəsait sərf edilmişdir ki, bu da 2010-cu ilin eyni dövrü ilə müqayisədə 147,4 mln. manat və ya 11,4 faiz çoxdur.
Əsaslı xərclərə 634,5 mln. manat və ya ümumi xərclərin 30,4 faizi həcmində vəsait yönəldilmişdir. Həmin vəsaitin 546,4 mln. manatı dövlət əsaslı vəsait qoyuluşu xərclərinə, 88,1 mln. manatı isə büdcə təşkilatlarına əsas vəsaitlərin alınması xərclərinə sərf edilmişdir.
Dövlət borclarına xidmətlə bağlı xərclərə ümumi xərclərinin 0,6 faizi həcmində və ya 12,4 mln. manat vəsait istifadə olunmuşdur ki, bu da 2010-cu ilin eyni dövrü ilə müqayisədə 2,7 mln. manat və ya 27,8 faiz çoxdur.
İqtisadi təsnifata uyğun olaraq cari ilin 1-ci rübü ərzində dövlət büdcəsinə daxil olan vəsaitin 47,9 faizi və ya 1,0 mlrd. manatı sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilməklə 2010-cu ilin eyni dövrü ilə müqayisədə 129,0 mln. manat və ya 14,9 faiz çox olmuşdur.
2010-cu illin eyni dövrü ilə müqayisədə 2011-ci ilin 1-ci rübündə dövlət büdcəsindən Müdafiə xərclərinə 24,4 mln. manat və ya 21,9 faiz, Səhiyyə xərclərinə 13,1 mln. manat və ya 21,8 faiz, Sosial müdafiə və sosial təminat xərclərinə 65,8 mln. manat və ya 19,2 faiz, Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi xərclərinə 10,7 mln. manat və ya 18,1 faiz, Təhsil xərclərinə 29,6 mln. manat və ya 12,4 faiz, Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərclərinə 3,4 mln. manat və ya 11,9 faiz, Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərclərinə 6,6 mln. manat və ya 5,2 faiz, Ümumi dövlət xidmətlərinə 1,9 mln. manat və ya 1,2 faiz çox vəsait yönəldilmişdir.
2011-ci ilin 1-inci rübündə istifadə olunan 546,4 mln. manat dövlət əsaslı vəsait qoyuluşu xərclərindən sosial təyinatlı layihələr üzrə (təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı) obyektlərin tikintisinə və yenidənqurulmasına 148,0 mln. manat vəsait, enerji, su təchizatı, qaz, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının və bu qəbildən olan digər obyektlərin tikintisinə, yenidənqurulmasına və müvafiq avadanlıqların alınmasına 398,4 mln. manat vəsait yönəlmişdir.







